Uşaqlıqdan bir yerdə böyüdüyüm dostumun ölüm xəbərini alanda çox sarsıldım. Avtomobil qəzasında ölmüşdü. Qarşı yoldan gələn sərxoş sürücü gəldiyi sürətlə dostumun idarə etdiyi avtomobil ilə toqquşmuşdu və dostum hadisə yerində keçinmişdi. O biri sürücü isə reanimasiya şöbəsində ciddi nəzarətdə idi.

Səhəri gün binamızın həyətində böyük bir yas məclisi quruldu, xeyli insan var idi. Nəşi həmin gün dəfn edildi.

Yas məclisi ilə bağlı bütün işləri yoluna qoyub evə gələndə saat 02:00 idi. Çox yorğun idim. Çarpayıya uzanmağımla yuxuya getməyim bir oldu.

***

Sərin payız axşamında şəhərdə gəzirdim. İyirmi-otuz metr irəlidəki bardan sərxoş halda üç nəfər otuz yaşlarında oğlan deyib-gülə çıxdılar. Mənə tərəf gəlməyə başladılar. Yanımdan keçəndə hətta biri çiynimə toxundu, heç fərqinə də varmadı. Dönüb arxalarıyca baxdım, yolun kənarında dayanan son model qara Range Rover’ə yaxınlaşdılar. İki dostu evə taksi ilə getməyini məsləhət görsələr də, avtomobilin yiyəsi sözlərinə məhəl qoymayıb qapını açıb oturdu, mühərriki işə saldı və dostlarını da oturmağa çağırdı. Dostları isə, oturmadılar. Zarafat qarışıq “sən içkilisən, sürə bilməzsən, biz taksi ilə gedərik, sənə yaxşı yol” deyib, sağollaşdılar. Şərxoş sürücü Range Rover’i arxadan gələn maşınlara fikir vermədən siqnalların müşayəti ilə yerindən tərpədib, yüksək sürətlə yola düzəldi. Mən də yenidən yoluma davam elədim. Bir az irəliləmişdim ki, yolda qəza baş verdiyini gördüm. Həmin Range Rover qarşı yolda dayanmışdı, biraz aralıda da aşıb böyrü üstə dayanmış digər maşın var idi. Hər iki maşının mühərrikxanasından tüstü çıxırdı. İnsanlar toplaşmışdılar. Mən də maraq üçün yaxınlaşdım. Hadisə yerinə çatanda şok keçirdim. Aşan maşın dostumun maşını idi. Yerdə də üstü örtülmüş meyit var idi. Yaxınlaşmağa qoymasalar da bir təhər qaçıb meyitə yaxınlaşdım, üzünü açıb baxdım, dostum idi və disksinərək yuxudan ayıldım.

Saata baxdım, 04:30 idi. Gördüyüm yuxu mənə çox təsir eləmişdi. Ən yaxın dostumun ölümündən bir gün keçməmiş, yuxuda onu görmək, özü də ölümünü görmək ağır idi.

Səhər poliş şöbəsinə getdim. Ölənin yaxını kimi hadisənin necə baş verdiyinə kamera görüntülərində baxmağıma icazə verdilər. Hadisə necə baş vermişdisə, eynilə o cür görmüşdüm yuxuda. Tək fərq hadisə baş verən gün mənim orda olmamağım idi. Bu yuxu mənə tüklərimi biz-biz edəcək qədər qəribə gəldi və heçkimə yuxu barədə danışmadım.

***

Axşam idi, şəhərdə gəzirdim. Qarşıdakı bardan sərxoş halda üç nəfər otuz yaşlarında oğlan deyib-gülə çıxdılar…

“Bu hadisə mənə tanış gəlir, bu səhnəni nəvaxtsa görmüşəm, sanki yenidən yaşayıram.”

Mənə tərəf gəlməyə başladılar. Yanımdan keçəndə hətta biri çiynimə toxundu, heç fərqinə də varmadı. Dönüb arxalarıyca baxdım…

“Lənət olsun, bu necə ola bilər axı? Bəlkə Deja vu baş verir”

…Range Rover’i yerindən tərpədib, yüksək sürətlə yola düzəldi…

Addımlarımı sürətləndirib Range Rover’in getdiyi istiqamətə qaçmağa başladım və budur, hadisə baş verdi. Maşınların toqquşmaqlarını öz gözlərimlə gördüm. Cammat hadisə yerinə qaçıb, dostumla digər sürücünü maşından çıxarırdılar və mən diksinərək yuxudan ayıldım.

“Bu nə yuxulardı axı mən görürəm?”

Saata baxdım, gecə yarısından xeyli keçmişdi. Qalxıb yerimdə oturdum. Pişiyim yanıma gəlib ayaqlarıma sürtündü, sonra da qucağıma tullandı. Sığal çəkib, oynadmağa başladım və bəzi şeylər xatırladım. İki il əvvəl qəribə bir hadisə baş vermişdi, onda da bucür yuxular görürdüm.

***

2 il əvvəl.

Həyətimizdə açıq qəhvəyi rəngdə, sağ pəncəsində də qara xalı olan bala pişik var idi. Haradan gəlmişidi özümüz də bilmirdik. Bizim blokumuzda qalırdı, orda yatır, orda da dururdu. Dostumla çox xoşumuz gəlirdi o pişikdən. Hər gün yemək verirdik. Adını da Yun yumağı qoymuşduq, çünki eynən yun yumağına oxşayırdı.

Günlərin bir günü pişik yoxa çıxmışdı, xeyli axtarmışdıq, nəhayət binamızdan biraz kənarda ölüsünü tapmışdıq. Ya maşın təkəri altında qalmışdı, ya da kimsə vurmuşdu, baxanda da hiss olunurdu. Heyvanları sevən biri olaraq çox kədərlənmişdik, amma kim edib, tapa bilməmişdik. Binanın arxasında ağaclıq yer var, orada basdırmışdıq. Həmin gecə qəribə bir yuxu görmüşdüm. Yuxuda binamıza girişi olan yol ilə gəzə-gəzə gəlirdim və uzaqdan görürdüm ki, bizim bala pişik həyətdə oynayır. Biraz irəlidən isə balaca uşaqlar əllərində taxta dəmir, oynaya-oynaya, qışqıra-qışqıra pişiyə tərəf gəlirlər. Pişik səsi eşidib, qaçmağa başlayır, amma uşaqlardan biri əlindəki dəmir ilə pişiyə zərbə endirir, qaçıb gedirlər. Həmin anda yuxudan ayılmışdım və ikinci gecə yenə eyni yuxunu görmüşdüm, eyni hadisələr baş verirdi və mən yuxudan diksinib ayılırdım. Üçüncü gecə həmin yuxunu yenidən görmüşdüm, amma bu dəfə yuxumu dəyişdirməyi bacarmışdım, sanki yuxunu özüm idarə edirdim və əvvəlki iki yuxuda baş verənləri xatırlayırdım. Həyətə yaxınlaşanda, pişiyi gördüyüm anda, yanına qaçıb, yerdən götürdüm və uşaqların qarşı tərəfdən qışqıra-qışqıra gəlib yanımdan keçməklərini izlədim. Pişik əllərimdə sağ-sağlam qalmışdı və yuxuda buna sevinirdim.

Səhər yuxudan oyanıb, həmişəki kimi işə getmək üçün hazılaşıb, evdən çıxmışdım. Bloka düşəndə, gözlərimə inanmamışdım. Bizim pişik blokda idi, pəncəsindəki qara xalını da açıq aşkar görürdüm. Donub yerimdə qalmışdım. Belə bir şey necə baş verə bilərdi axı? Bəlkə pişik heç ölməyibmiş, öldüyünü yuxuda görmüşəm? Bəs gecə gördüyüm yuxu nə imiş?

Artıq hansının yuxu, hansının real olduğunun arasında çaşqın halda qalmışdım. Hətta pişiyi əlimə götürmüşdüm, xəyal olub olmamağını yoxlamaq üçün. Dostuma zəng eləmışdim.

– Alo.

– Salam Maks, biraz əvvəl bizim ölən pişiyi gördüm sağdı.

– Salam Rem. Necə? Nəyi gördün?

– Bizim pişiyi gördüm. Səninlə üç gün əvvəl basdırdığımız, amma bayaq bizim blokda sağ gördüm. Sağ pəncəsində də qara xalı. Bizim Yun yumağı idi, buna əminəm.

– Rem, sən nə danışırsan belə? Bizim pişiyə nə olmuşduki? Nə basdırmaq?

– Lənət olsun Maks, başa düşmürsən məni? Üç gün əvvəl səninlə pişiyin ölüsünü tapıb basdırmadıq ağaclıqda?

– Rem, mən elə bir şey xatırlamıram. Bütün bunları hardan çıxardırsan sən? Zarafatdı bu? Yun yumağını dünən axşam həyətdə görmüşəm mən.

– Zarafat deyil Maks… Yaxşı, hələlik.

– Rem, …

Danışığı sonlandırmışdım. Binanın arxasındakı ağaclıq əraziyə, pişiyi basdırdığımız yerə getmişdim. Orda ümumiyyətlə yer qazılması barədə heç bir işarə, iz filan tapa bilməmişdim. Baş verənlərin heç birini başa düşə bilmirdim. Sonra pişiyi vuran uşaqları tapıb, onları da sorğu-suala çəkmişdim, heçbiri belə bir şey baş verdiyini təkzib etməmişdilər. Axırda bütün bu baş verənləri yəqin ki yuxuda görmüşəm fikri ilə unutmuşdum və Yun yumağını evdə saxlamağa başlamışdım.

***

Xatırladığım bu hadisə məndə qəribə fikirlər yaradırdı. İki il əvvəl pişik ölmüşdü, indi isə dostum ölüb. Pişik həyata qayıtdı və hələ də bunun necə baş verdiyini anlaya bilmirəm. Deməli dostum da qayıda bilər…

Şəhərdə gəzirdim. Qarşıdakı bardan sərxoş halda üç nəfər otuz yaşlarında oğlan deyib-gülə çıxdılar. Mənə tərəf gəlməyə başladılar. Əvvəlki iki yuxumda nələr baş verdiyini xatırlayırdım. Tez arxaya Range Rover’in yanına qaçdım. Yerdə xırda çör-çöp axtarıb tapdım, götürdüm. Range Rover’in sol arxa təkərinin hava doldurma müştüyünün qapağını açıb, çöpü ora saldım, təkər boşalmağa başladı. Sərxoş oğlanlar artıq maşına yaxınlaşdırdılar, təkər isə tam boşalmamışdı. Ayağa durub, onlarla üzbə-üz getməyə başladım. Onlara yaxınlaşan anda özümü ayağım büdrəmiş kimi göstərdim və yıxıldım üstlərinə. Range Rover’in yiyiəsi yıxıldı yerə, mən də üstünə. Elə mənim də məqsədim maşına minib getməyini gecikdirmək idi və deyəsən istədiyim alınırdı. Bunları bir xeyli gecikdirdim. Üzrxahlıq etmək filan mənə xeyli vaxt qazandırdı. Sərxoş sürücü maşına oturdu və sürdü. Mən də əvvəlki yuxularımda qəza baş verən yerə kimi qaçaraq getdim. Hər şey qaydasında idi, qəza filan gözümə dəymirdi, deyəsən istədiyim alınmışdı.

Yuxudan səhər oyandım. Yavaş-yavaş yuxumu xatırlayanda tüklərim biz-biz oldu. Tez durub paltarlarımı geyinib, otaqdan çıxıdm. Anam mətbəxdə idi.

– Sabahın xeyir ana.

– Sabahın xeyir oğlum, necə yatdın?

– Yaxşı yatmışam ana. Bu aralar qonşularda yas filan olmayıb?

– Yas? Yox. Bu nə sualdı?

– Dəqiq olmayıb?

– Yas filan olmayıb. Niyə belə qəribə suallar verirsən?

– Heç ana, boş ver.

İçimi rahatlıq bürüdü. Səhər yeməyini yeyib, evdən çıxdım, telefonumla dostuma zəng eldəim. Cavab verdi. Lənət olsun, dostum sap-sağlam idi və telefonda mənimlə danışırdı, özü də heçnədən xəbəri yox idi.

Dostuma baş verənləri danışsam da, başıma hava gəldiyini deyib, heçnəyə inanmadı. Məncə haqlı olaraq da inanmırdı. Belə şeyə kim inana bilərdi ki? Mənə bütün bunları yuxuda gördüyümü dedi. Elə özüm də yuxuda yoxsa həqiqətdə olduğumu anlamırdım. Arada eləbilirdim bütün bu baş verənlər hamısı cəmi bir yuxunun içində baş verib və mənə ayrı-ayrı kimi görünür.

Sonralar yuxuda hadisələrin gedişatını dəyişə bilmək xüsusiyyətimdən daha çox istifadə etməyə başladım, heç kimin də xəbəri olmurdu. Onsuz da mənə kim inannardı ki? Heyifsizləndiyim hadisələri həmin gün yuxumda görürdüm və dəyişdirə bildiklərimi dəyişdirirdim. Neçə-neçə bədbəxt hadisələrin qarşısını almışdım.

Və bir gün başqa bir şey baş verdi…

***

Gözlərimi açdıqda qaranlıq kainatın ənginliklərində süzülürmüşəm kimi hiss etdim. Ətrafımda xeyli ulduz görürdüm. Sonra böyük bir kürənin içində olduğumu hiss etdim. Kürənin kənarlarında kvadrat formasında çoxlu sayda monitora bənzər şeylər formalaşmağa başladı. Sanki kürə xeyli sayda kvadrat şüşələrin birləşməsindən ibarət idi və arxasından ulduzlar görünməkdə davam edirdi. Sonra monitora bənzər bu şüşə cisimlərdə görüntülər peyda olmağa başladı. Hər birində özümü görürdüm, amma fərqli fərqli formlarda. Sanki başa başqa vaxtlardan görüntülərimin hərəsi bir monitorda göstərilirdi. Hətta balacalıq illərimdən də görüntülər var idi. Bəzi monitorlarda yaşlı vəya orta yaşlı kişi görüntüləri göstərilirdi. Biraz diqqətlə baxdıqdan sonra gördüm ki, bu elə mən özüməm, yaşlı vaxtlarımın görüntüləridir. Yenə başa düşə bilmədiyim qəribə şeylər baş verirdi. Bütün bu olanlara anlam verə bilmirdim. Sonra bir səs eşitdim. Ətrafıma baxdım, heç kimi görmədim.

– Aramıza xoş gəlmisən Rem.

– Siz kimsiniz? Hara gəlmişəm? – çaşqın halda soruşdum.

– Çaşqın olduğunun fərqidəyik. Hər şeyi sənə bir-bir izah edəcəyik.

Həqiqətən çaşqın halda səsi dinləyə dinləyə ətrafıma göz gəzdirirdim, heç kim yox idi.

– Mən haradayam? Bura haradır?

– İzah edirik, səbrli ol. Bizlər 7 milyard il əvvəl kainata sahib çıxmış varlıqlarıq. Zəifləri qəddarlardan qorumaq üçün. Svilizasiyamız və texnikamız o qədər çox inkişaf edib ki, buna qadir ola bilmişik. Bütün kainata yayılmış vəziyyətdəyik. İşıq sürəti ilə hərəkət etməyi və məkan-zamanda səyahət etməyi bacarırıq.

Yuxularında hadisələrin axışında dəyişiklik etdiyinin fərqindəyik və bu bizim bilgimiz daxilindədir. Onu da deyək ki, onlar yuxu deyildi. Biz səni zamanda geri səyahət etdirirdik, amma bunu şüur altına yuxu imiş kimi yeridirdik. Bütün bunların yuxu olduğunu hesab edirdin. Hazırda olduğun məkan bizlər tərəfindən hazırlanmış paralel kainatda bir yerdir.

– Mən… bilmirməm nə deyim, haradan başlayım..

– Sənin nəsə deməyinə ehtiyac yoxdu, ağlındakı bütün suallarını bilirik və cavablandıracağıq. Danışmağına da ehtiyac yoxdu, çün ki hazırda biz səninlə telepatik üsülla əlaqə yaradırıq. Sən seçilmiş insanlardan birisən və seçdiklərimiz empatiya hissi çox yüksək olan və elmi bilikləri olan insanlardan ibarətdir ki, səndə güclü empatiya sezmişik. Sən əvvəlcə öz yaxınlarını və yaxın ətrafındakı insanları və canlıları bir növ xilas edirdin. İndi isə sənə bütün zamanlarda – keçmişdən gələcəyə istənilən zaman dilimində, istənilən məkanda, istənilən canlılar üçün hadisələrin axışına müdaxilə etmək seçimi veririk və bu məcburi deyil. Razı olmaq istəməsən, çarpayında yuxudan ayılacaqsan və burada baş verən heç nəyi xatırlamayacaqsan, əvvəlki xüsusiyyətin də səndən geri götürüləcək, normal insan kimi öz həyatına davam edəcəksən.

– Buna razılıq cavabını qısa müddətdə vermək çətindir. – dedim.

– Anlayırıq və tələsdirmirik, bir müddət sonra yenidən səninlə əlaqə quracağıq.

– Bütün bu şeylərdə məqsəd nədir? Nəyə görə hadisələrin axışında dəyişiklik etməyə ehtiyac duyulur? – soruşdum.

– Təsadüflər və ehtiyatsızlıqlar nəticəsində xeyli xoşagəlməz hallar baş verir, bundan əlavə neqativ xasiyyətli insanlar digər insanlara pisliklər edirlər, xəsarətlər yetirirlər. Bütün bunların qarşısının alınması üçün biz sənin kimi çoxlu insanlar seçmişik. Hansıki hazırda fəaliyyətdədirlər. Və müşahidələrimizə görə belə bir sistem qurulandan Yer planeti daha yaşanılır hala gəlib. 100 ilə yaxındır ki, Yer planetinə nəzarət edirik, əks təqdirdə 20ci əsrin ortalarında nüvə silahları nəticəsində planet məhv olacaqdı. Bunun qarşısını bizlər, yəni seçdiyimiz insanlar aldı.

– Niyə bəs 100 il?

– Çünki, kainatda demək olar sonsuz sayda qalaktika var. Hər bir qalaktikada 200-400 milyard sayda ulduz var. Hər bir ulduzun isə ətrafında planetlər dövr edir. Bu qədər planetlərin 0.001 faizində həyat olduğunu hesab etsək, kainatda o qədər həyat olan planet olmuş olur ki, beləliklə Yer planetinə növbə 100 il əvvəl gəlib çatmış oldu.

– Əgər razılıq versəm, həyatımın geri qalanını nə formada yaşayacam? Həmişə bu kürənin içində həbs olunacam?

– Xeyr. Əvvəlki normal həyatın kimi davam edəcəksən. Amma istədiyin anda bu kürənin içinə keçid edə biləcəksən, və burda baş verənləri və verəcəkləri dəqiq izləyb, hansısa hadisəyə müdaxilə edə biləcəksən.

– Keçmişə müdaxilə etmək böyük dəyişikliklərə gətirib çıxarmaz sizcə?

– Bu kürədə etdiyin hər bir dəyişikliyin gələcəkdə nə fəsadlar verəcəyini də izləyə biləcəksən. Bayaq öz gələcəyinin görüntülərini gördün. Onun kimi etiyin hər bir müdaxilənin nəticəsi gələcəkdə nə olacaqsa izləyə biləcəksən. Əgər ziyan çox olacaqsa, dəyişiklik etməmək məsləhət görülür.

– Bəs siz özünüzü niyə mənə göstərmirsiniz? Xarici görünüşünüz mənə maraqlıdı.

– Biz öz planetimizdə canlı formasındayıq, sizin kimi oksigenlə qidalanırıq. Amma bizim planetdə bir canlı həyatda qalmaq üçün digər canlıları məhv etmir. Biz oksigen, su və ulduzumuzdan gələn enerji ilə həyatda qala bilirik. Bu xüsusiyyəti neçə milyard illər ərzində formalaşdırmışıq. Biz də sizlər kimi ölümlü canlılarıq. Ölümün qarşısını almaq mümkündür. Bu isə fəsadlar verir, planetdə heç bir canlı ölməsə xaosa gətirib çıxarar. Ona görə də bizlər beyinlərimizi elektronlaşdırmaq yolunu seçdik. Ölən birinin beynindəki bütün məlumatlar elektron sistemə köçürülür və beləcə həmin kəs sonsuzluğa kimi yaşayır. Planetimizdən kainata yayılan üzvlərimiz hamısı elektronlaşdırılmış beyinlərdir. Çünki, kainatda səyahət etmək üçün çox böyük məsafələr qət etməli oluruq, bu da heç bir canlının həyatda qalmağına bəs etmir. Bu işin öhtəsindən elektronlaşdırılmış beyinlər asanlıqla gəlirlər. Sən bizi görə bilməzsən, çünki biz canlı formasında deyilik.

– Bütün bu şeylərin yaradılmasında, bütün kainatı qorumaqda sizin xeyrinizə olan nə var? Hər svilizasiya etməz bunu.

– Təqribən 3 milyard il əvvəl təhlükəli bir irq meydana gəlmişdi. Qarşılarına çıxan fərqli yaşam formalarını məhv edib planetlərinə yiyələnirdilər. Bir gün bizim planetə də yiyələnmək istədilər və sonlarını onda yaşadılar. Məhv etdik hamısını. Ondan sonra, texnikamız daha da inkişaf etdikcə, kainata sahib çıxmağı qarşımıza məqsəd qoyduq. Bugünki gündə o cür təhlükəli yaşam formaları yenə də mövcuddur, sadəcə sizin planeti tapmayıblar. Tapsalar da, sizə ziyan vurmalarına imkan verməyəcəyik.

– Düşünürəm ki, sizin təklifinizi qəbul edə bilərəm – gülümsəyərək dedim.

– Çox gözəl.

Biraz irəlidə bir qapı peyda oldu.

– Qapıya doğru irəlilə.

Qapıya doğru süzülüb açdım. Mən olduğum kürədən digər daha böyük bir kürəyə keçid qapısı idi. Daxil oldum. İçəridə xeyli insan var idi, havada süzülərək bir-birləri ilə telepatik söhbət edirdilər.

– Burada olan insanlar sənin kimi seçilmiş olanlardır və hansısa hadisələrə müdaxilə etmək üçün buradadırlar. Hər kəsin özünə məxsus kürəsi var. Bura keçdiyin kürə isə sənə məxsus kürə idi. Hadisələrə müdaxilə edən zaman hərə öz kürəsində olur. Müdaxilə bitdikdən sonra öz kürəsindən müdaxilə etdiyi paralel kainata keçid edir və ya ümumi kürədə digər seçilmişlər ilə informasiya mübadiləsi apara bilir.

İnsanlara yaxınlaşdım, ünsiyyət qurdum. Dillərimizin fərqli olmasına baxmayaraq telepatiya ilə bir-birimizi çox gözəl başa düşürdük. Çox əyləncəli idi. Xeyli tanınmış insanlar, çoxlu elm adamları gördüm. Ən çox xoşuma gələn hal isə, orada Albert Einşteyn’in də olması idi.

Son.

 

© Elçin Allahverdi             25 Avqust 2018